
Cavanşir YUSİFLİ
Həmişə göz qabağında olan müstəvilər sürüşəndə və biz qəfildən özümüzü başqa bir məkanda gördükdə şikayətlər başlanır: dünya dəyişib, hava çirklənib, ekologiya korlanıb və sair. Bu halda əvvəlcə hadisəyə səbəb olan arqumentlər deyil, sadəcə meydana gəlmiş nəticələr çözülür. Bir-bir, ardıcıllıqla söylənən faktlar burulğanında itmək, batmaq qorxusu yarananda beynimizə batır ki, səbəb və arqumentləri açıb təhlil etmək lazımdır. İnsan yalnız boğulmaq məqamında SƏBƏB axtarır və bunu da xilas naminə edir. Ancaq səbəbin axtarılması və sonda tapılması doğrudanmı XİLASdır? Bəzən ölüm də xilas libasında gəlir...
DAVAMI VAR
Bugünkü ədəbi prosesin ən qabarıq xüsusiyyəti fikrimizcə, onun süniliyindədir. Qlobal proseslər gedir, dünyada əvvəlki düzüm inadla dəyişdirilir, ictimai-siyasi proseslər, humanitar təfəkkürlə bağlı hadisələr və yerdə qalan hər şey elə bil ki, bir əldə düyümlənib vahid məcraya yönəldilir və bu vahid məcrada emal edildikdən sonra sanki təzədən özünün əvvəlki «qabına» tökülür və bu an hadisələrin hansı düzümə tabe olmasını hiss etmirik. Hadisələri elə yönləndirirlər ki, hansı məqamdasa təlaş içində başımızı tutaq, səbəbi yalnız özümüzdə, bir materiya kimi puçluğumuzda, heç nəyə yaramamağımızda... axtaraq.
Bizdə tənqid haqqında keçirilən ən müxtəlif müzakirə və müşavirələrdə bu amillərdən, şübhəsiz ki, bəhs edilmir, elə sözlər danışılır, elə fikirlər söylənilir ki, hansı zamanda yaşadığını bir anlıq unudursan. Bunlar hamıya sərf eləyən traktovkadır. «Ədəbiyyat qəzeti», «Ulduz» və «Azərbaycan» jurnalı, «AYO»nun «Alatoran»ı, «Dünya ədəbiyyatı» və onun baş yazarının ucdantutma digər nəşrləri, «Körpü» jurnalı və ən nəhayət, «Tənqid.net» jurnalı son dərəcə zövqsüz, heç bir qayə, ideya aşılamayan formatda və mündəricədə çap edilir, bunlara baxanda yalnız kimlərinsə hesabat xətrinə, özünüifadə yox, özünü göstərmək naminə çabalar etməsi anlaşılır.
Ancaq qəribədir, bu nəşrlər vaxtaşarı olaraq hansısa xeyir güdmə məqamında təriflənir və elə sözlər, elə təriflər yağdırılır ki, cüzi tənqidi qeydlər onların yanında bədxahlıq kimi səslənə bilər, ancaq vəziyyət doğrudanmı həmin tərifçilərin və qələmçilərin izhar etdikləri kimidir? Bu mənasız təriflər hamımıza tuşlanan soyuq tüfəng lülələrinə bənzəyir.
İkinci əsas xüsusiyyət birinciylə əlaqədar olan görüntü yaratmaq ustalığıdır. Bu şablon üstündə hadisələr bir-birinə elə calanır, yaxud calaq edilir ki, əsl proseslə onun düz qonşuluğunda yaradılmış surroqat arasında hansı fərqin olduğunu və ya hansının orijinal, hansının qondarma olduğunu ayırd edə bilmirsən. Və deməliyik ki, bu hal təkcə ədəbi prosesə, humanitar təfəkkür hadisələrinə xas olan fərqləndirici ayrıntı deyil, bu əslində bütün dünyada gedən qlobal proseslərə aiddir.
Tənqid və ədəbi proses haqqında ayrı-ayrı qəzetlərdə gedən silsilə yazılara, müsahibələrə fikir verin, bu yazılara reaksiyalar da eyni xəstə təfəkkür bəlirtiləridir. Bu fiqurların sərt cavabları, onların içindəki ironiya, sataşmaq nüansları, milli ədəbiyyatın təəssübünü çəkməkdən dəli-divanə olmaları və bütün bunların fonunda həmin cavabların mənfi planda çox yüksək səviyyəli ədəbi mətn sayıla biləcək səviyyədə yazılması və bu soyuq müharibə silahıyla müqayisədə onların orijinal bədii əsərlərinin çox miskin görünməsi və bu adamların içindəki iddialar bir araya gəlib müqayisə olunanda ədəbi-tənqidi, yaxud bütövlükdə ictimai-humanitar təfəkkürün hansı xəstəliyin əlində qalmasını aydın şəkildə təsəvvür edə bilirsən. Ədəbiyyatşünaslığın müxtəlif problemlərinə həsr edilmiş son kitabları nəzərdən keçirdikdə dövrü, epoxanı qavramağın «qırıqlığı» dərhal nəzərə çarpır.
«XX əsr Azərbaycan ədəbiyyatı məsələləri» toplusunda (Bakı, «Elm», 2006) konkret problemləri araşdırmaqdan çox ümumi mülahizələr irəli sürmək, daha qlobal və daha «böyük» və «masştablı» elmi müşkülləri çözmək inadı elə inad olaraq qalır, fikir və mülahizələr apriori səslənir, fakt və hadisələri bir-birinə bağlayan dinamika, müxtəlif dövrlərin mətnləri arasında virtual əlaqələr görünmür, hər şey statika prinsipi üstündə qurulur. Hər hansı elmi məqalədə əsas yeri təsvirçilik tutursa, faktlar sadalanırsa, empirik ümumiləşdirmələrə gedilirsə, bunun şübhəsiz ki, adi jurnalist araşdırmasından fərqi olmayacaq.
Topludakı «XX əsr Azərbaycan ədəbiyyatı: tarixi dövrləşmənin nəzəri-metodoloji aspektləri» məqaləsində kifayət qədər mürəkkəb cümlələrə, kifayət qədər iddialı pozaya rast gəlinsə də, elmi təfəkkürün hərəkəti, onun hansı dərinliklərə enib, hansı nəticələri hasil etməsi və ümumən canlı təhlil getmir və məqalə öz bozluğu ilə adamı dərhal bezdirir. Diqqət yetirin: «...XX əsr Azərbaycan ədəbiyyatı klassik irsimizdən fərqli olaraq yarandığı dövrün lokal, regional tutumu, mahiyyəti ilə qapanmır». Bu cümlə antielmi mülahizəyə parlaq nümunə kimi göstərilə bilər. Müəllif daha sonra yazır: «Başqa sözlə, dünya ədəbi prosesi anlayışı məzmun və mahiyyəti etibarı ilə ehtiva olunmadığı dövrlərdə ədəbiyyatın regional tarixi-mədəni və ictimai durumu üzrə dövrləşməsi mümkündür». Qəribə məntiqdir, nəyə görə dövrləşmə kimi konkret və yeni zamanda ciddi elmi kateqoriya belə primitiv təhlilə müncər edilir?
Müəllif daha sonra yazır ki, «...lakin XX əsr Azərbaycan ədəbiyyatı dünya ədəbi prosesinin bir həlqəsidir və bu vahid prosesin əsas tərəflərini özündə əks etdirir. Ədəbi proses anlamının yaranma tarixi və tarixi təkamül qanunauyğunluqları da problemin açıqlanmasına yardımçı ola bilər». Buradan təbii olaraq belə bir sual meydana çıxır: müəllifin bu qədər üstündə dayandığı, bütün hadisələr üçün meyar saydığı dünya ədəbi prosesi nə deməkdir, şübhəsiz ki, müəllifin özünün qoyduğu problemin kontekstində. Məqalənin mətni bu sualın niyəsini izah etməkdə acizdir.
Həcmcə çox kiçik məqalədə digər yanlış, tənqidə davamsız mülahizələrə də rastlaşırıq. «XX əsr Azərbaycan ədəbiyyatının XX əsrin əvvəlləri, sovet dövrü və müstəqillik dövrü mərhələlərinə ayrılması ictimai təfəkkürün mexaniki olaraq bədii fikrə tətbiqidir. Bu prinsip ciddi elmi meyarlardan məhrumdur. Niyə? XX əsrdə baş verən bütün böyük ictimai-mədəni hadisələr dünyanın qabaqcıl dövlətlərinin və xalqlarının həyatına təsir etmişdir. Bu təsirin azlığından və çoxluğundan asılı olmayaraq bütün xalqların ədəbi-mədəni həyatında özünə yer tutmuşdur, həmçinin Azərbaycanda da. XX əsr ədəbi prosesini şərtləndirən əsas amillər Azərbaycan ədəbiyyatında da öz əksini tapmışdır. Çünki XX əsr Azərbaycan ədəbiyyatı dünya ədəbi prosesinin bir həlqəsi kimi çıxış edir. XX əsrin hər onilliyində həyatda və ədəbiyyatda müəyyən ictimai-sosial və bədii-estetik təkamül görürük. Və XX əsr bədii fikrini səciyyələndirən digər amil, epoxanın üslubu Azərbaycan ədəbiyyatında da öz əksini tapmışdır».
Qəribədir, müəllif opponentini ictimai təfəkkürü mexaniki olaraq bədii fikrə tətbiq etməkdə suçlandırır, ancaq «niyə» sualını verəndən sonra apardığı təhlillərlə özü də adını qoyduğu mexaniki-primitiv yolla gedir. XX əsrin əvvəllərində baş vermiş proseslər indinin özündə də XX əsri öyrənməyin misilsiz mənbəyi hesab olunur. Bu mənada XX əsrin əvvəllərini artıq bütün dünyada əlahiddə bir zaman vahidi kimi öyrənirlər, bizə belə gəlir ki, indi «yerin altından çıxan» bütün yollar da məhz XX əsrin əvvələrində ayrılmışdı, ictimai həyatda olduğu kimi ədəbi fikirdə də bir çaxnaşma, qarşısıalınmaz «qəza» baş verirdi. Və müəllifin dediyi kimi, XX əsrin əvvəllərində epoxanın üslubunu qəti şəkildə, bütün parametrləri ilə müəyyənləşdirən sanballı bir elmi monoqrafiya ortada yoxdur və belə olduğu üçündür ki, müəllifin fikirləri belə əsassız görünür.
Müəllif «XX əsrin hər onilliyində həyatda və ədəbiyyatda müəyyən ictimai-sosial və bədii-estetik təkamül»ün nədən ibarət olduğunu və bunun XX əsr Azərbaycan ədəbiyyatına təsir mexanizmini izah etmir. Aydındır: məsələnin qoyuluşu yoxdur və ondan məhz bu formatda bəhs etmək daha asandır. Müəllif qəti şəkildə bildirir ki, «XX əsrin əvvəllərində başlamış bədii yüksəliş, mövzu və problemlər, ədəbi məktəb və metodlar müxtəlif formalarda XX əsr boyu davam etmişdir». Əslində XX əsrin əvvələrinə və ondan sonrakı dövrün hadisələrinə diqqət yetirdikdə ilk nəzərə çarpan sinxronluq, prosessuallıq yox, məhz qırıqlıqdır, yüz illər boyu yetişə-yetişə gələn ənənələr məhz sovet dövründə sındırıldı, süni ədəbi proses yaradıldı, bu hadisələr elə köklü və kütləvi xarakter aldı ki, müəyyən dövr çərçivəsində az qala müxtəlif üslublardan danışmaq yerinə düşmür. Müəllif XX əsr mədəniyyətini tarixi-tipoloji vahid kimi götürüb təhlil etməkdə çətinlik çəkir. Əslində həm müəllif, həm də onun opponentlərində bir şey qüsurludur: məsələnin qoyuluşu. Bu isə ideya vermək iddiasında olan ədəbiyyatşünas üçün çox ciddi qüsurdur.
Fikrimizcə, XX əsr ədəbiyyatına əlahiddə tipoloji vahid kimi baxmaq lazımdır. Bu qənaəti Avropa ədəbiyyatının tarixi də sübut edir. A.İ.Kravçenko özünün «Kulturologiya» kitabında qeyd edir ki, XX əsr ədəbiyyatı özünün üslubi və ideya müxtəlifliyinə görə XIX əsrlə müqayisədə müqayisəyəglməz dərəcədə zəngindir. Bununla bərabər, müasir ədəbiyyat keçən əsrlə müqayisədə daha böyük istedlar yetişdirmişdir. XX əsr Avropa ədəbiyyatı klassik ənənələrə sadiqliyini qoruyub saxlayır. Yaradıcılıqları iki əsrin qovşağına təsadüf edən, hələ XX əsrin məğzini və axtarışlarını ifadə etməyən yazıçılar pleyadası yazıb-yaradır: Con Qolsuorsi (1867-1933) («Forsaytlar haqqında Saqa»), alman yazıçısı Tomas Mann («Sehrli dağlar»- 1947) və Henrix Böll (1917 - 1985), fransız yazıçısı Anatol Frans, Roman Rollan və başqaları. Avropa ədəbiyyatları eyni zamanda hər şeydən qabaq poeziyada özünü büruzə verən modernizmin təsirinə məruz qaldı. Pol Elüar və L.Araqon sürrealizmin aparıcı fiqurları idilər. Nəsrdə Prust, Coys, Kafka…
Məhz bu əsərlər birinci dünya müharibəsinə ilk reaksiyalar idi. Bu əsərlər üçün ümumi olan cəhət – mahiyyəti insanın arasıkəsilməz fikir, təəssürat və duyğularının axınının təsvirindən ibarət olan, fransız filosofu, intuitivizm və həyat fəlsəfəsi ideyasının banisi Anri Berqsonun «şüur axını» metodundan istifadədir. O, insan təfəkkürünü daima dəyişən yaradıcı reallıq kimi, ictimai həyatın tələblərinə tabe olan təfəkkürün yalnız səthdə yerləşən qat olduğu axın kimi təsvir edirdi. Əslində isə təfəkkür özünün dərin qatlarında yalnız introspeksiya (latınca specio spect – baxmaq, nəzərdən keçirmək) və intuisiya ilə dərk edilə bilər.
Dərketmənin əsasını təmiz qavrama təşkil edir, materiya və təfəkkürsə birbaşa təcrübənin faktlarınının saf-çürük edilməsi əsasında qurulan hadisələrdir. Berqsonun şüur axını metodu XX əsrin əsas yaradıcılıq metoduna çevrildi. Coysun əsərlərində Berqsonun ideyasının sayəsində yeni yazı tipi aşkarlanır, bu əsərdə bədii forma məzmunun yerini tutur və özündə ideya, psixoloji və digər dəyişiklikləri kodlaşdırır. Onun əsərlərində təkcə şüur axını deyil, həm də parodiya, stilizasiya, komik priyomlar, mənaların mifoloji və simvolik laylarından istifadə edilmişdir. Dilin və mətnin analitik ayrılmasını obrazın və insanın ayrılması və yeni antropologiya müşayiət edir. Bədii əsərin mövcudluq forması kimi daxili nitq XX əsr ədəbiyyatının fəal dövriyyəsinə daxil oldu (Kravçenko A.İ. Kulğturoloqiə: Uçebnoe posobie dlya vuzov. - 3-ye izd.- M.: Akademiçeskiy proyekt, 2001.).
Bizə belə gəlir ki, XX əsr ədəbiyyatına bu ayrıntının, təyinedici funksiyanın nişangahından baxmaq – hələ məsələnin hamısı demək deyildir. XX əsr ədəbiyyatını, xüsusən yeni nəsr təfəkkürünü bütövlükdə «şüur axını» metodu müəyyənləşdirmir, əsas olan XX əsr insanın – nəsrdə və poeziyada təsvir edilən şəxsin zamana münasibətinin köklü şəkildə dəyişməsidir. Bizə belə gəlir ki, dövrləşmənin əsasında məhz bu keyfiyyət dayanmalıdır. M.F.Axundovun «Aldanmış kəvakib»iylə Mirzə Cəlilin nəsr əsərləri, komediyalarındakı bədii şüur arasında keyfiyyət fərqi məhz zamanın hansı ölçüdən və ya hansı ölçülərlə göstərilməsindədir. M.F.Axundov XX əsr ədəbiyyat şüuru üçün tam bir hazırlıq mərhələsidir, çünki məhz Axundov zamanın təsvirindəki, bədii gerçəkliyin dərkinin spesifikasındakı cəhətləri dəyişdirdi, necə deyərlər, zamanın təsvirində birbaşa insanın şüurundan keçən «xətti» sındırdı və bu əyri Mirzə Cəlilin təsvirlərində bütövlükdə düz xətt formasını aşdı.
Mirzə Ələkbər Sabir xalis XX əsr şairidir (ancaq yuxarıda səslənən fikrə rəğmən, Sabir poetikasında forma məzmunu əvəz etmədi, köhnə forma daxildən, məzmun qatından dəyişdirildi, forma daxilində elə təbəddülat yaradıldı ki, zaman keçdikcə bu, formanı da, məzmunu da dəyişdirdi, XX əsrdə bu – inqilabların ən dəhşətlisidir), hər şeydən qabaq keçmiş əyyamın hamıya tanış, köhnə-kürüş yığıntılarını şüuraltının kandarına gətirməsiylə. Sabirin şeirlərində bərq vuran ictimai mündəricə, problemlərin aktuallığı paradoksal görünsə də, ilk təəssüratdır, dərin qatda başqa proses gedir – ədəbi formalar və mündəricə, yəni məzmun onsuz da əsrlər boyu dəyişir və bu əsaslı dönüşə səbəb olmur – Sabir gerçəkliyin dərkinin formasını və spesifikasını dəyişdirdi, elə bir düşüncə və ya düşünmək platforması yaratdı ki, milli ədəbiyyatımız indi də onun üzərindədir. Sabir, M.F.Axundovun yaratdığı kontekstdə öz işini yeni cəbhə açmaqla yerinə yetirdi, o, milli ədəbi düşüncənin ritmini radikal şəkildə dəyişdirdi (məzmun-forma keçidinin qaydası da dəyişdirildi).
Paradoksal görünsə də deyək: XX əsrin 60-cı illərindəki «kiçik adam» da mənşəyi etibarı ilə Sabirin ənənələrinə, dəyişdirdiyi spesifikaya bağlıdır. Sabirin ədəbi düşüncəyə gətirdiyi ritm zamanı dərkin mahiyyətini əsaslı şəkildə təshih etdi. Bu məsələni daha dəqiq araşdırmaq baxımından, A.Berqsonun «Yaradıcılıq təkamülü» adlı fundamental tədqiqatından bir nümunəyə baxaq: «Axı bizim mövcudluğumuz bir-birini əvəz edən məqamlardan ibarət deyildir: belə olsaydı, həmişə ancaq indiki zaman olardı, nə keçmiş zamanın indiki zamanda davamı, nə təkamül, nə də konkret davamlılıq olmazdı.
Davamlılıq (sürəklilik) gələcəyi öz içinə alan və irəli hərəkət etdikcə şişib böyüyən keçmişin arısıkəsilməz inkişafıdır. Ancaq keçmiş arasıkəsilməz şəkildə böyüyüb artırsa, demək o, sonsuza qədər qorunub saxlanır. Göstərməyə cəhd etdiyimiz kimi, yaddaş xatirələrin yığınından təşkil edilməmişdir və onları müvafiq rəflərə düzməklə fərqlənmir. Burada nə siyahı, nə də rəf var; burada hətta sözün məxsusi mənasında bir elə xüsusi bacarıq da yoxdur, çünki bacarıq deyilən məvhum fasilələrlə hərəkət edir, istədiyi və bacardığı zaman bu hərəkəti icra edir, üstəlik keçmiş keçmişin üstünə qat-qat, arasıkəsilmədən yığılır. Əslində keçmiş öz-özlüyündə, avtomatik saxlanılır.
Şübhəsiz, istənilən zaman keçmiş bütövlükdə arxamızca sürünür: uşaqlıqdan nəyi hiss etmişik, nəyin haqqında düşünmüşük – bütün bunlar indiki zamana doğru dartınır, onunla birləşməyə can atır, hər şey şüurun qapısına dirənir, onu sıxışdırıb çıxarmağa cəhd göstərir. Zehin mexanizmi də elə bu əsasda fəaliyyət göstərir, keçmişi məcmu halında şüursuz vəziyyətə sıxışdırmaq, şüur halında yalnız konkret vəziyyəti işıqlandıran faktları saxlamaq...Digər xatirələr yalnız kontrabanda yolu ilə yarımaçıq qapıdan içəri sızıb keçə bilir. Şüuraltının göndərdiyi casuslar bizə elə xəbərləri çatdırırlar ki, özümüz də bilmədən onları izləyirik. Ancaq qaranlıq şəkildə olsa belə, hiss edirik ki, keçmiş bizi tərk etmir».
Berqsona görə, həyat «bir mərkəzdən yayılan və bütün çevrəsi ilə dayanan və yerində sayan titrəyişlərlə hərəkət edən nəhəng bir dalğaya bənzəyir; maneə yalnız bir nöqtədə qalib gəldiyindən təkan sərbəst keçir. İnsan forması bu azadlıqla seçilir». XX əsr ədəbiyyatı insanı məhz bu düşüncə formasından kəşf etdi, onun «zamana qarşı həssaslığını» artırdı, əlahiddə modus üzərinə gətirdi. Ancaq burada çox vacib bir məqamı da qeyd etmədən ötüşmək olmaz. Sabirin və Mirzə Cəlilin açdığı yol sovet dövrü ədəbi düşüncəsində «maneələrlə» davam etdirildi, yəni bu «profanik sürəklilik» ən müxtəlif maneələri dəf etməklə yavaşıdı və belə olduğu üçündür ki, XX əsr üslubunu dolğun ifadə etmə işində həmişə qəribə bir gecikmə aktı müşahidə edilir. Bu isə Sabir və Mirzə Cəlil ənənəsindən geriqalma faktının bilavasitə təsdiqidir. Xüsusən, müstəqillik dövründə ədəbi düşüncənin vahid proses kimi deyil, az qala epizodlarla inkişafı daha çox qabarıqdır.
Buraya son dövrlərdə xüssui intişar tapan qrafoman şüurunu da əlavə etsək, mənzərə bir az da konkretləşər. Belə bir vəziyyət təkcə bədii əsərlərdə deyil, tənqid və ədəbiyyatşünaslıq sahəsində də aparıcı mövqe qazanmaqdadır. Məhz bu dövrdə tənqidçilər üstündən sükutla keçilə bilən hadisələr haqqında silsilə resenziyalarla çıxış edirlər. Bu yazıların əksəriyyətində bütün gərəkli parametrlər mövcuddur – dünya nəzəri fikrinə və düşüncəsinə bələdlik, informasiyanı çatdırma ustalığı və sair, ancaq – tənqid şüuru və əxlaqı yoxdur! Belə demək mümkünsə, tənqid bir məvhum və hadisə kimi mutasiyaya uğrayıb, funksiyasını itirib, iradəsi və əxlaqı olmadığı üçün meyxana ritmini qazanıb (elə bil ki, bütün sərt ittihamlar da səslənir, - ancaq hər şey «xoşbəxt sonluqla bitir» - meyxana tıqqıltılarının və ya çırtmaların müşayiəti ilə-! ).
Eyni bir tənqidçinin eyni müəllifə ilin bir fəslində sevgi, digər fəslində isə nifrət məktubaları yazması, bu halların sürəkli şəkildə intişar tapması, digər tərəfdən isə tənqid haqqında icmal və məruzələrdə çox yüksək zirvələri fəth etdiyimizdən danışılması təniqidə və əxlaqa parodiyadır. Ümumi ab-hava, dövrün «fəlsəfə yoxsulluğu» (bəlkə də əqidə yoxsulluğu) demək olar bütün yazıların, saysız-hesabsız kitabların məzmununa güclü təsir göstərmiş, az qala həmin əsərlərin «kitab», «məqalə» və «problem» təyinatını sual altına almışdır.
Onlardan bir neçəsinin adını çəkə bilərik. Məsələn, Aydın Xan. «Kulturoloji-alternativ düşüncələr». Bu kitabda nəinki alternativliyə iddia edən hər hansı məqalə və ya sözlə, heç ənənəvi tənqidin üzdə olan əlamətlərini daşıyan, oxucuya nəsə normal informasiya verən yazıyla da rastlaşmadıq. Məqalələrin əksəriyyətində elə bil ki, heç nə oxumayıb bütün ədəbi hadisələr və faktlar haqqında ümumi mülahizələr söyləmək, danışmaq xətrinə danışmaq mərəzi daha qabarıqdır. Görünür, bunun özü də böyük ustalıq tələb edir, Aydının yazıçı Elçin haqqında kitaba daxil etdiyi «Tarixin söz formatını yaradan intellektual sənətkar» yazısını nə qədər oxusaq da oradan oxucuya nəsə çatdıran bir informasiyanı götürə bilmədik. Bir dəfə, iki dəfə, Elçinin öz təbiriylə desək, layiq olmadığı halda üçüncü dəfə oxuduq, ancaq yenə bir şey alınmadı. Mənə elə gəlir ki, «kulturologiya» termini Aydın xanı elə hala salıb ki, özü də nə yazdığının və ya nə yazmaq isədiyinin fərqində deyil.
«Çağdaş ədəbiyyat tariximizdə maraqlı bir iz buraxmış yazarlardan danışanda, çoxsaylı ədəbi simalarla yanaşı, özünəməxsus bədii yaradıcılığa, fərdi estetik-fəlsəfi düşüncə tərzinə malik ciddi bir imza sahibi də yada düşür: xalq yazıçısı, ədəbiyyatşünas-tənqidçi, kulturoloq Elçin...». Yaxud: «...İstedadlı nasirin yaradıcılığı özünün çoxçalarlılığı və müxtəlif qatlılığı ilə seçildiyinə görə, ədibin qələm məhsullarını təhlilə cəlb edəndə tədqiqatçı bir çox kulturoloji problemləri adlamalıdır. Araşdırıcının intellektual və kulturoloji səviyyəsi, ədəbi-estetik hazırlığı yüksək səviyyədə olmasa, onun güclü və böyük təfəkkür sahibi olan Elçin yaradıcılığını təhlil etmək cəhdi istənilən halda zəif təəssüratların solğun nəticəsini meydana çıxaracaq».
Daha sonra: «...Çağdaş Azərbaycan ədəbiyyatında Elçin qədər çox az-az yaradıcı şəxs tapmaq mümkündür ki, milli söz sənətinin zənginləşməsinə xüsusi təkan verən bu qədər sənət axtarışlarına, ədəbi eksperimentçiliyə baş qoşsun, hələ sağlığında mədəniyyət və ədəbiyyat tarixində özünün kulturoloji izini (??? - !) qoya bilsin».
Birincisi, «tarixin söz formatı» nə deməkdir? Bütün mətni oxuyanda görürsən ki, sözlər bir-birinə yapışmır, məna yaranmaq istəyən kimi, ayrılır, yaxşı tutmamış suvaq kimi tökülüb yerə düşür. Aydın «kulturoloji» kəlməsini o qədər işlədib urvatdan salır ki, istənilən yazısının adı bəri başdan qeyri-ciddilikdən xəbər verir, təfəkkürün primitivliyi və bürüncəyi xoşlaması - yazmaq xətrinə yazmaq təəssüratı yaradır və onlardan ciddi söhbətin predmeti kimi bəhs etməyin yolunu kəsir. Elçin haqqında yazı daha çox insanın özü-özü ilə məzələnməyinə bənzəyir və bu nisbətən böyük həcmli məqalədə yazıçının kimliyi haqqında heç tezis formasında da yararlı bir mülahizəyə rastlanmaq mümkün deyildir. Onun Anar, Çingiz Əlioğlu və digər qələm adamları haqqında yazıları da beləcə «ələ gəlmir», sadəcə çayxana söhbətlərinə bənzəyir.
Qeyri-ciddilik başqa ədəbiyyatşünasların yazılarında da özünün göstərir. Predmet və kateqoriya haqqında danışmaq istəyi nə qədər ciddi görünsə də, mətləbə yetişəndə istəyin özünün mənasızlığı, əyaniləşməməsi tənqidçi mətnini «ələ salır», onu «satır». Diqqət yetirin: «Bir neçə kəlmə E.Başkeçidin üslubu barədə. Burada mən yazarın fərdi üslubu barədə danışacağam, çünki üslub öz-özlüyündə çoxmənalı və çoxqatlı anlayışdır, kommunikativ və estetik imkanlarına görə mürəkkəb bir struktura malikdir. Məşhur rus şairi A.Blok yazır: «Hər bir yazarın üslubu onun ruhuyla sıx bağlıdır. Təcrübəli insan üsluba baxaraq yazarın ruhunu görə bilər». Başqa bir deyimlə «üslub – insanın özü deməkdir». Üslub mədəniyyətin ayrıca götürülmüş bir fenomeni (bizim halda bu «Broy və panoptikum» kitabıdır) olaraq mədəniyyətin bütöv, məxsusi təsvirini yaradır. Və bu, hələlik üzümüzün öyrəşmədiyi və yaxud, sovetlər dönəmində hər bir vəchlə bizə unutdurmağa çalışdıqları bir mədəniyyətin təsviridir. Etimadın şeir və hekayələrinin bədii bütövlüyünün mayasını məhz onun üslubu təşkil edir» («Tənqid.net» jurnalı, № 3, s. 45.).
Bu deyimlərdən, ciddi bəyanatlardan sonra gözləyirdik ki, tənqidçi Etimadın fərdi üslubunun nədən ibarət olmasını ortaya qoysun və bununla da həmin məqama qədər dediyi bütün sözləri bir daha – onların mənasına təkrar qayıdışla gücləndirsin. Ancaq məqalə sona yetir və tənqidçinin şairi necə acınacaqlı vəziyyətdə buraxdığının şahidi oluruq. Yeri gəlmişkən, indi ən çox modda olan elə budur: biliyini nümayiş etdir, oxucunu bihuş edəndən sonra, nəhayət, M.F.Axundovun «...Kimyagər» komediyasının əhvalatları baş veriir; bizdə ədəbiyyat haqqında yazanların böyük əksəriyyəti misi qızıla çevirməklə məşğuldurlar. İki hadisə paralel baş verir: mənasız və dəyərsiz romanlar yazılır, onlarla eyni zamanda əvvəllər adlarına rast gəlinməyən və ya ən azı bu ampluada rast gəlinməyən ədəbiyyatbazlar meydana çıxır, yazhayaz...internet bilikləri nümayiş etdirilir, həmin romanlarda olmayan mətləblərdən danışılır və...sonda İbrahimxəlil aradan çıxmır, çünki bu gün cəmiyyət daha mürəkkəb struktura malik olduğundan onun məclisi tərk etməsinə ehtiyac qalmır.
Məhz bununla əlaqədar bir ayrıntını da qeyd etmək yerinə düşər: müəyyən səviyyə, təhlillər aparmaq səriştəsi olsa da, «dilin içində itib-batmaq», yazı prosesində fikir pəltəkliyinin artması – sonda məqsədsizliyə, ümumi tendensiyası, nəzəri bazası və təhlil ardıcıllığı olmayan kollaj yaranır.
Bunun əyani nümunəsi T.Əlişanoğlunun bir çox yazıları və onun redaktorluğuyla çıxan «Tənqid.net» jurnalıdır. İlk baxışdan belə bir təəssürat yaranır ki, bütün nəzəri bilik və hazırlıq mətnin birbaşa, getdikcə dərinə işləyən təhlilə yönələir və sonda təhlilə çəkilən bədii mətnin adi oxucu gözünə görünməyən komponentləri üzə çıxacaqdır. Və bu ilk baxışdan doğrudan da belədir, ancaq, ilk baxışdan. Sonda bizim gözlədiyimiz nəticə alınmır – ona görə ki, ilk təəssürat aldadıcıdır, məsələn onun Kamal Abdullanın «Yarımçıq əlyazma» romanından bəhs edən yazısında əvvəldən axıra romanın əsas metaforasından danışılır və bu mətləbin, bu elmin ayrıntıları açıqlanmır.
Məqalədə roman oxunmur, roman sadəcə «şumlanır» və bu yerdə heç nə əkilmir, məsələn, diqqət yetirin: «sadə paralellər kifayətdir, məncə; sadə paralellər bizə «roman pəncərəsi»ndən bir daha şahın-hökmdarın hakimi-mütləq olduğu bir cəmiyyət mənzərəsini görükdürür: «Bayandır xan başladı pəncərədən baxıb o quşcuğazın hərəkətlərinə diqqət yetirməyə və mən də onun çiyni üstündən boylanıb bu zavallı quşcuğazın tikənlərin içindən qurtula bilib-bilməyəcəyini beynimdən keçirməyə başladım...» belə bir cəmiyyətdə Xanın mərhəməti kifayətdir ki, ədalət bərqərar olsun...
Amma unutmayaq ki, metafora sadəcə bənzətmə deyil, daha mürəkkəb mündəricəli məcazdır. Metaforanın ünsürləri hələ yalnız roman-situasiyanı cızır və görükdürür: Oğuz cəmiyyətinin mənzərəsi, cəmiyyətdən barınan insanlar budur, tikənlikdə quşcuğaz misalı... Məgər bir anlıq seyr qılıb quşcuğaza azadlıq vermiş Bayandır xanın özü roman-situasiyada zaman-zaman quşcuğaz misalı çırpıntılar yaşamırmı: «quşcuğaz olanda nolar, o da yaşamaq istər, o da nəfəs almaq, göy üzündə qanad çalmaq istər...». «Metafora» sözünün bu tezliklə, az qala hər sətirbaşı işlənməsi, budur, bu deyil, deyə ziddiyyətli təhlillərin apaprılması əslində predmeti bilməməkdən irəli gəlir.
Həmişə göz qabağında olan müstəvilər sürüşəndə və biz qəfildən özümüzü başqa bir məkanda gördükdə şikayətlər başlanır: dünya dəyişib, hava çirklənib, ekologiya korlanıb və sair. Bu halda əvvəlcə hadisəyə səbəb olan arqumentlər deyil, sadəcə meydana gəlmiş nəticələr çözülür. Bir-bir, ardıcıllıqla söylənən faktlar burulğanında itmək, batmaq qorxusu yarananda, beynimizə batır ki, səbəb və arqumentləri açıb, təhlil etmək lazımdır. İnsan yalnız boğulmaq məqamında SƏBƏB axtarır və bunu da xilas naminə edir. Ancaq səbəbin axtarılması və sonda tapılması doğrudanmı XİLASdır?
Qaynaq: mediaforum.az



